24 iyun 2026-cı il tarixində Qaradağ Rayon Heydər Əliyev Mərkəzi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyəti, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov bildirmişdir ki, “26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın qürurla qeyd etdiyi əlamətdar tarixlərdən biridir. Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri olmaqla dövlətimizin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişdir. Şəhidlərimizin əziz xatirəsini daim uca tutur, qazilərimizə dərin ehtiramımızı bildiririk”.

Sonra Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək qeyd etmişdir ki, “Azərbaycan Ordusunun əldə etdiyi uğurlar ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrətinin göstəricisidir. Bu gün hər bir Azərbaycan vətəndaşı öz ordusu ilə fəxr edir. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimiz ən müasir texnologiyalarla təchiz olunmuş, yüksək döyüş hazırlığına malik peşəkar orduya çevrilmişdir. Ordumuzun qazandığı şanlı qələbələr xalqımızın birlik və həmrəyliyinin təntənəsidir”.

Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov çıxışında vurğulamışdırkı, “Azərbaycan Ordusunun qüdrəti xalqla ordunun sarsılmaz birliyindən qaynaqlanır. Müstəqil dövlətimizin güclənməsində və milli maraqlarımızın qorunmasında Silahlı Qüvvələrimizin rolu əvəzsizdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlətçilik dəyərlərinə sadiq yetişdirilməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir".  

Daha sonra Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva iştirakçıları salamlayaraq Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğundakı misilsiz xidmətlərindən və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm nailiyyətlərdən bəhs etmişdir.

Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlardan, Vətən müharibəsində və sonrakı dövrdə əldə olunmuş tarixi nailiyyətlərdən geniş bəhs edilmişdir.

Tədbirin sonunda xidmətdə fəqlənən hərbiçilərə Qaradağ Rayon İcra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilmişdir.