“2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və 129,1 milyard manat təşkil edib. 2025-ci ildə adambaşına düşən ümumi daxili məhsul artaraq 12,6 min manat olub”.
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, 2025-ci ildə qeyri-neft sektorunda 2,7 faiz real artım əldə olunub, ÜDM-in 72 faizi və yaxud 92,3 mlrd. manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 mlrd. manat çoxdur. “Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb. Profositli tədiyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil etməklə hədəf diapazonunda qalıb”, - deyə S.Babayev qeyd edib.
Onun sözlərinə görə, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 faiz, orta aylıq nominal əməkhaqqı 9,3 faiz artıb və bu göstəricilər inflyasiya səviyyəsini xeyli üstələyib ki, bu da ölkədə sosial rifahın yaxşılaşdığını təsdiq edir.
Nazir, həmçinin cari ilin əvvəlinə ölkənin məcmu valyuta ehtiyatlarının 85,1 milyard ABŞ dolları təşkil etdiyini bildirib: “Məcmu valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyib, 2025-ci ildə istehsal olunan ÜDM-in isə 112,1 faizinə bərabər olub. Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin mühüm təminatıdır”.
S.Babayev 2025-ci ildə “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiymətinin orta hesabla 71 ABŞ dolları səviyyəsində qərarlaşdığını, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 1,4 faiz artım olduğunu qeyd edib.
Anar Kəlbiyev




































_1779806046.jpeg)












.webp)

