"Azərbaycanda 2027-ci ildən üzüm, xurma üçün məhsul subsidiyasının verilməsi nəzərdən keçiriləcək. Subsidiya mexanizmi də təkmilləşdiriləcək".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

"Bu təkmilləşdirmə paralel şəkildə aparılacaq: fermerlərin maariflənməsi, elektronlaşmanın artırılması, torpaq xəritələrinin dürüstləşməsi ilə. Bu yolla biz subsidiyanı təkmilləşdirə biləcəyik. Əlbəttə ki, bu istiqamətdə əsas məqsəd məhsul subsidiyasına keçid etməkdir. Əgər əvvəllər sadəcə tütün, şəkər çuğunduru və pambığa görə məhsul subsidiyası verilirdisə, keçən ildən buraya qarğıdalı və günəbaxan tumları daxil edilib. Bu ildən alma və nar məhsulları daxil olunub. 2027-ci ildən biz artıq üzüm, xurma və digər bitkiləri nəzərdən keçirəcəyik. Əlbəttə ki, bunun 100 % ərzaqlı buğda da məhsul subsidiyası nümunələrindən biridir", - deyə nazir bildirib.

M.Məmmədov qeyd edib ki, məhsul subsidiyasına keçid birmənalı deyil: "Məhsul subsidiyasına keçid eyni zamanda nəzarəti də ehtiva etməlidir və bunun üçün də resurs tələb olunur. Süni intellektin və elektronlaşmanın bizə verəcəyi üstünlüklər sayəsində və eyni zamanda aqrar sahədə uçotun dürüstləşməsi hesabına inanırıq ki, məhsul subsidiyasına keçid mümkün qədər daha sürətli olacaq. Dayanıqlı fəaliyyətin icra olunması üçün subsidiya daha çox əməliyyata deyil, daha çox investisiyaya və uzunmüddətli təsərrüfata təşviq etməlidir. Uzunmüddətli təşviq etmək isə hansı yolla mümkündür? Hər hansı bir ərazidə, misal üçün, torpağın hər hansı bir xüsusiyyəti bu və ya digər bitkinin yetişdirilməsinə uzunmüddətdə risklidirsə, dövlətin oranın təşviq etməsini doğru hesab etmirik".

Anar Kəlbiyev