"Məktəblərdə bədən tərbiyəsi müəllimləri ilə bağlı qeyd etmək istərdim. Məsələn, uşağımız fizika və ya riyaziyyatdan müəllim yanına gedirsə, yaxud məktəbdə zəifdirsə, hiss edə bilirik. Buna müvafiq olaraq ya məktəbini dəyişirik, ya da başqa müəllim tuturuq. Amma bədən tərbiyəsi müəllimi düzgün şəkildə təşkil olunmayan məşqlər prosesində onun sağlamlığına ziyan vurursa, bizim onu müəyyən etməyə nə biliyimiz, nə də bacarığımız var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov deyib.

"Uşaq müəyyən yaşa çatdıqdan sonra onda ortaya çıxan problemlərlə bağlı deyirik ki, necə oldu zədəsi var, haradan yaranıb. Bu haradan yaranıb? Əlbəttə düzgün şəkildə, savadı lazımi qədər olmayan, vaxtında düzgün şəkildə yükləmələri etməyən proses nəticəsində ortaya çıxıb. Bu birbaşa sağlamlığa dayanır", - deyə şöbə müdiri bildirib.

Anar Kəlbiyev