İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək.
"Unikal" xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği 2026-cı il yanvarın 1-dən ödənilməli idi.
Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.
Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
