Fevralın 15-də Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında formalaşmış möhkəm siyasi dialoqun və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Səfər çərçivəsində verilən bəyanatlar göstərdi ki, dövlətlərarası münasibətlər artıq sistemli, uzunmüddətli və konkret nəticələrə hesablanmış strateji modelə çevrilib.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Parlamentari bildirib ki, iki ölkə lideri uzun illərdir davam edən təmaslar sayəsində bir-birini yaxından tanıyır, səmimi dialoq aparır və qarşılıqlı etimada söykənən münasibətlər qurublar.
"Bu şəxsi amil dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı Serbiya xalqının öz suverenliyinin qorunması istiqamətində tarix boyu göstərdiyi qətiyyəti qeyd edib və Prezident Aleksandar Vuçiçin dövlətçilik mövqeyini yüksək qiymətləndirib.
Səfər çərçivəsində Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının birinci iclasının keçirilməsi münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir. İclas zamanı siyasi dialoq, iqtisadi əməkdaşlıq, energetika, nəqliyyat və investisiya sahələri üzrə konkret istiqamətlər müəyyənləşdirilib. Gələcək üçün aydın planlar mövcuddur və bu planlar qarşılıqlı sərmayə layihələrinin reallaşdırılmasını, beynəlxalq platformalarda bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyin davam etdirilməsini nəzərdə tutur. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, bizim gələcək üçün də açıq-aydın planlarımız var: “Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.
İki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasını genişləndirərək bu mənada dayanıqlılığı təmin edir. Bu sənədlər təkcə siyasi iradəni deyil, eyni zamanda praktiki addımların atılması üçün mexanizmləri də formalaşdırır. Strateji Şuranın fəaliyyəti tərəflər arasında koordinasiyanı gücləndirir və qəbul edilən qərarların icrasına nəzarəti təmin edir.
Energetika sahəsi Azərbaycan-Serbiya münasibətlərində aparıcı istiqamət kimi ön plana çıxır. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və ixrac həcminin artırılması barədə qərar qəbul edilib. Bu addım Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Serbiyada birgə elektrik stansiyasının inşası layihəsi isə strateji əməkdaşlığın konkret ifadəsidir. Azərbaycan bu layihəyə böyük həcmdə sərmayə yatırmağa hazır olduğunu bəyan edib. Elektrik stansiyalarının tikintisi və reabilitasiyası hər bir ölkənin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Xüsusilə təbii resursları məhdud olan dövlətlər üçün daxili enerji istehsal gücünün artırılması iqtisadi sabitliyin və müstəqilliyin təminatıdır.
Prezident İlham Əliyev Azərbaycanın enerji ixrac potensialının hazırda 2 giqavat olduğunu, 2032-ci ilə qədər isə əlavə 8 giqavat enerji gücünün əldə ediləcəyini diqqətə çatdırıb. Bu artımın böyük hissəsi ixraca yönəldiləcək. Əsas istiqamət Avropa məkanı olaraq qalır və bu məqsədlə daha geniş transmissiya imkanlarının yaradılması planlaşdırılır. Bərpaolunan enerji layihələri də gündəmdədir və bu sahədə Serbiya ilə əməkdaşlıq perspektivləri açıqdır.
Prezident İlham Əliyev Serbiyada həyata keçirilən iqtisadi və sosial islahatları yüksək qiymətləndirərək ölkənin investisiya cəlbediciliyini vurğulayıb. Təbii sərvətlərə malik olmamasına baxmayaraq, Serbiyanın öz gücünə arxalanaraq inkişaf etməsi və xarici yardımdan asılı olmaması mühüm amil kimi qeyd olunur. Məhz əlverişli investisiya mühiti Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə yatırmaq niyyətini şərtləndirir. Enerji ilə yanaşı, nəqliyyat infrastrukturu və digər sənaye sahələri də əməkdaşlığın potensial istiqamətləri sırasındadır. Qarşılıqlı investisiyalar iki ölkənin iqtisadi inteqrasiyasını dərinləşdirəcək və regional iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcək.
Səfərin yekununda Prezident İlham Əliyev yaxın gələcəkdə qarşılıqlı görüşlərin davam etdiriləcəyini qeyd edib və Serbiya rəhbərliyini Azərbaycana dəvət edib. Bu, münasibətlərin dinamik xarakter daşıdığını və strateji tərəfdaşlığın davamlı siyasi dialoq üzərində qurulduğunu göstərir. “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” ifadəsi səfərin mahiyyətini və iki xalq arasında formalaşmış səmimi münasibətləri simvolizə edir.
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və səsləndirdiyi bəyanatlar göstərir ki, Azərbaycan-Serbiya münasibətləri artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi etimad, institusional mexanizmlər, enerji və investisiya layihələri, eləcə də qarşılıqlı beynəlxalq dəstək bu tərəfdaşlığın möhkəm və uzunmüddətli əsaslara söykəndiyini təsdiqləyir.
Formalaşan əməkdaşlıq modeli qarşılıqlı hörmətə, suverenliyə sadiqliyə və real iqtisadi nəticələrə əsaslanır. Bu isə Azərbaycan ilə Serbiya arasında münasibətlərin gələcək illərdə daha da genişlənəcəyinə və regional sabitliyə mühüm töhfə verəcəyinə əminlik yaradır".
