"Bilirik ki, bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısıda oynayacağıq. "Nyukasl" çox çətin rəqibdir. İstənilən halda, əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq və azarkeşləri sevindirək".
"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah Bakıda "Nyukasl"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Kolumbiyalı futbolçu rəqibin güclü olmasına baxmayaraq, yaxşı nəticəyə ümid edir: "İngiltərə klubları fiziki güclüdür və sürətli oynayırlar. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq".
Duran “Qarabağ”la Çempionlar Liqasında keçdiyi yolun onu xoşbəxt etdiyini bildirib: "Mənimçün çox xoşdur. “Qarabağ”da bu yolu keçmək karyeramın ən uğurlu dönəmidir. Gəncəm və daha inamlı olmalıyam. Üzərimdə işləməli, sürətli olmalıyam. Bu keyfiyyətlərimi inkişaf etdirməliyəm".
23 yaşlı forvard Kolumbiya yığmasına mümkün dəvəti ilə bağlı da danışıb: "Bu mövsüm uğurlu keçir. Milli komandada oynamaq uşaqlıq arzumdur. Düşünürəm ki, belə davam etsə, yığmaya düşməyə daha yaxın olaram. Hamı dünya çempionatında oynamaq istəyər. Hələ ki mənə hər hansı dəvət, zəng olmayıb".
Kamilo Duran sabah qol vurmağa hazır olduğunu bildirib: "Ötən həftə məşqlərdə “Nyukasl”ı da düşünürdüm. Qol vurmağa hazıram".
