Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin 12 tələbəsi beynəlxalq səviyyəli intensiv “IT SkillSprint” təhsil proqramına qəbul olunub.

"Unikal" xəbər verir ki, ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan proqram rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində ixtisaslı insan kapitalının hazırlanmasını hədəfləyir.

BMU-nu proqramda İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları və Kompüter elmləri ixtisasları üzrə təhsil alan 3-cü kurs tələbələri təmsil edirlər. Seçilmiş tələbələr arasında Sədat Musayev, Çiçək Abdullayeva, Elşad Kazımov, Fidail Vəliyev, Rauf Cəfər, Adil Həsənov, Ağa Hacıyev, İsmayıl Abdullayev, Ruzi Xancanov, Ülvi Hacıyev, Nihad Bağırzadə və Mikayıl Quliyev yer alır.

Fevralın 16-da proqramın açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həmçinin beynəlxalq tədris şirkəti Ironhackin tərəfdaşlığı ilə həyata keçirilir.

Tədbirdə çıxış edən rəsmilər proqramın ali təhsil ilə əmək bazarı arasında effektiv əməkdaşlıq modeli olduğunu vurğulayıblar. Qeyd edilib ki, təşəbbüs iştirakçılara həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli bilik və bacarıqlar qazandıracaq.

Məlumata görə, proqrama 1100-dən çox müraciət daxil olub, seçim mərhələsini isə 123 nəfər uğurla keçib. BMU-nun 12 tələbəsinin bu siyahıda yer alması universitetin informasiya texnologiyaları sahəsində hazırlıq səviyyəsinin göstəricisi kimi qiymətləndirilir.

Proqram “DevOps və Cloud Computing”, “Data və AI”, “Cybersecurity” və “Web Development” istiqamətlərini əhatə edir. “Bootcamp” formatında həyata keçiriləcək proqram tələbələrə real layihələr üzərində işləmək, portfel formalaşdırmaq və hakatonlar, karyera sərgiləri, şəbəkələşmə tədbirləri vasitəsilə əmək bazarına inteqrasiya imkanları qazandıracaq. Tədris 2026-cı ilin fevral–iyul aylarında olmaqla 6 ay davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan “Ironhack” şirkətinin sertifikatı ilə təltif olunacaqlar.