Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla Bundesliqanın Gənclər Liqasında debüt edib.
"Unikal" xəbər verir ki, "Berliner"in formasını geyinən müdafiəçi “Leypsiq”lə matçda meydana çıxıb.
O, ikinci hissədə oyuna daxil olub. Futbolçumuzun komandası 1:3 hesabı ilə uduzub.
Zeyd Nəsirulla açıqlamasında yeni komandasında ilk rəsmi oyuna çıxdığı üçün həyəcan keçirdiyini bildirib: “Eyni zamanda özümə inamım çox idi. Bu günə qədər çox məşq etmişdim və hazır olduğumu hiss edirdim. Məşqçimin mənə güvənməsi əlavə motivasiya verdi. Meydanda olmaq və komandama kömək etmək böyük qürur idi. Xüsusilə Azərbaycanı təmsil etmək mənim üçün şərəf və məsuliyyətdir. Bu, mənim üçün yalnız başlanğıcdır və ölkəmi layiqincə təmsil etmək üçün daha çox çalışacağam”.
Qeyd edək ki, Zeyd Nəsirulla komandaya ötən ay qoşulub. O, bunadək "Herta Zelendorf”un U-19 komandasında çıxış edib.
