Millət vəkili Asif Əsgərov Zaqatala rayonunda növbəti ictimai görüşlər çərçivəsində əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid Ramazanov Vüsalın ailəsini ziyarət edib.
"Unikal" xəbər verir ki, görüş zamanı şəhidimizin ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və problemləri ilə maraqlanılıb. Millət vəkili bildirib ki, qəhrəman şəhidlərimizin ailələri dövlətimizin və cəmiyyətimizin daim xüsusi diqqətindədir.
Daha sonra millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Gözbarax kəndində növbəti vətəndaş qəbulunu keçirib.Qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov,məktəb direktoru,rayon ziyalıları,həmçinin Gözbarax kəndi ilə yanaşı ətraf kəndlərdən olan sakinlər də iştirak ediblər. Görüş zamanı vətəndaşlar əsasən səhiyyə, məşğulluq, yol təsərrüfatı və digər sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Bir sıra problemlər yerindəcə həllini tapıb, millət vəkilinin səlahiyyəti çərçivəsindən kənarda olan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.
Qəbul zamanı olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.
Sonda həm şəhid ailəsi, həm də vətəndaşlar ölkəmizdə şəhid ailələrinə və əhalinin sosial müdafiəsinə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
