Fransa yenə Azərbaycana münasibətdə özünün dəyişməyən siyasi mövqeyini ortaya qoyur.
Parisin Azərbaycan-Ermənistan normallaşma prosesinə dair açıqlamaları, xüsusilə də 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərinin beynəlxalq hüquqa zidd kimi təqdim olunması cəhdi Fransanın regiondakı hadisələrə nə qədər birtərəfli yanaşdığını göstərir. Görünən odur ki, rəsmi Paris üçün beynəlxalq hüququn prinsipləri deyil, Ermənistanın siyasi maraqlarına uyğun gələn mövqelər daha önəmlidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın son iddialarına verdiyi cavab da məhz bu reallığa diqqət çəkir. Əslində, Azərbaycanın mövqeyində yeni heç nə yoxdur: dövlət öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək, konstitusiya quruluşunu bərpa etmək hüququna malikdir. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri də bu məqsədlərə xidmət edirdi.
Unutmaq olmaz ki, həmin əməliyyat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində, separatçı rejimin və Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğuna son qoyulması məqsədilə həyata keçirilmişdi. BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyü ilə bağlı müddəaları da Azərbaycanın bu hüququnu təsdiqləyir. Buna görə də antiterror tədbirlərini beynəlxalq hüququn pozulması kimi qələmə vermək cəhdləri hüquqi arqumentdən daha çox siyasi yanaşmanın məhsuludur.
Maraqlıdır ki, Fransa bu məsələdə özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim etsə də, onilliklər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılara, yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına və onların fundamental hüquqlarının pozulmasına münasibətdə eyni həssaslığı nümayiş etdirməyib. Parisin diqqətindən kənarda qalan məhz bu tarixi reallıqlardır. Halbuki insan hüquqları siyasi simpatiyaya görə seçilməməli, bütün hallarda eyni prinsiplə müdafiə olunmalıdır.
Fransanın Azərbaycanla bağlı iddialarının digər istiqaməti isə məhkəmə prosesləridir. Azərbaycanın məhkəmə araşdırmasına cəlb etdiyi şəxslərin hamısını avtomatik olaraq siyasi məhbus və ya özbaşına həbs edilmiş şəxslər kimi təqdim etmək hüquqi yanaşma sayıla bilməz. Söhbət müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq kimi ağır ittihamlardan gedirsə, məsələyə emosional bəyanatlarla deyil, məhkəmə qərarları və hüquqi prosedurlar əsasında qiymət verilməlidir. Heç bir dövlətin rəsmisi başqa ölkənin məhkəməsinin səlahiyyətlərinə siyasi təzyiq göstərmək hüququna malik deyil.
Parisin bu mövqeyini daha ziddiyyətli edən isə Fransanın öz daxilindəki vəziyyətdir. Son illərdə ölkədə sosial narazılıqlar, kütləvi etirazlar, polis zorakılığı ilə bağlı iddialar və siyasi institutlara etimadın zəifləməsi ciddi müzakirə mövzusuna çevrilib. Etiraz aksiyalarında nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı həddindən artıq güc tətbiqi ilə bağlı tənqidlər Fransa hakimiyyətinin insan hüquqları sahəsindəki fəaliyyətinə dair suallar doğurur. Siyasi xadimlər ətrafında davam edən məhkəmə prosesləri və korrupsiya araşdırmaları da Parisin beynəlxalq müstəvidə nümayiş etdirdiyi mənəvi üstünlük iddialarını kölgə altında qoyur
Belə bir şəraitdə Fransa hökumətinin başqa dövlətlərin daxili işlərinə dair mühakimələr yürütməsi, özü də bunu selektiv prinsiplər əsasında etməsi ciddi siyasi ziddiyyətdir. Öz ölkəsindəki problemləri həll etməkdə çətinlik çəkən bir hakimiyyətin Azərbaycana demokratiya və hüquq dərsi verməyə çalışması inandırıcı görünmür.
Azərbaycan heç bir ölkənin öz daxili və hüquqi məsələlərinə müdaxiləsinə imkan vermək niyyətində deyil. Fransa da anlamalıdır ki, Azərbaycan artıq öz suverenliyini bərpa etmiş, regional proseslərdə müstəqil qərarlar qəbul edən dövlətdir. Ermənistanın maraqlarını müdafiə etmək naminə Bakıya təzyiq göstərmək cəhdləri isə nə normallaşma prosesinə, nə də regionda davamlı sülhün qurulmasına töhfə verir.
Paris üçün ən doğru seçim başqalarının daxili işlərinə müdaxilə etmək deyil, öz xarici siyasətindəki ikili standartlardan imtina etməkdir. Azərbaycanla münasibətlərdə konstruktiv mövqe nümayiş etdirmək istəyirsə, Fransa ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərinə birtərəfli yanaşmadan əl çəkməli və regionun reallıqlarını qəbul etməlidir.
Ağarza Elçinoğlu









.jpeg)










.jpg)





















