Şuşaya səfər edən bəzi turistlər şəhərdəki qaya və daşların üzərinə müxtəlif adlar, yazılar həkk etdirib. Ən pisi də odur ki, bunu məhz yerli turistlər edib. 

İlk baxışda bunu sadəcə bir neçə insanın məsuliyyətsiz davranışı kimi qiymətləndirmək mümkündür. Lakin məsələ bundan daha böyükdür. Çünki söhbət təkcə bir daşın və ya qayanın üzərinə yazı yazılmasından getmir. Söhbət tarixi şəhərin simasına münasibətdən gedir.

Şuşanın hər daşı onun tarixinin bir hissəsidir. Burada divarlara, qayalara və digər səthlərə yazılan adlar həmin tarixin üzərinə əlavə edilmiş yad izlərdir. Bu izlər nə xatirədir, nə də qəhrəmanlıq. Əsl qəhrəmanlığı edənlər edib. Bunlar isə şəhərin tarixi görünüşünü korlayan, onun estetik və mədəni dəyərinə zərər vuran hərəkətlərdir.

Məsələnin daha həssas tərəfi isə bəzi yazıların şəhidlərin xatirəsi ilə əlaqələndirilməsidir.

Şəhidlərin xatirəsi müqəddəsdir. Lakin müqəddəs bir xatirəni qorumaq üçün tarixi daşların üzərinə ad yazmaq doğru üsul deyil. Əgər məqsəd şəhidlərin adını yaşatmaqdırsa, bunun üçün Azərbaycanda kifayət qədər memorial komplekslər, parklar, xiyabanlar və abidələr yaradılıb. Bu məkanlar məhz xatirənin əbədiləşdirilməsi məqsədilə hazırlanıb.

Şəhidin adını yaşatmaqla tarixi abidənin üzərinə həmin adı yazmaq arasında ciddi fərq var. Birincisi ehtiramdır, ikincisi isə şəhərin tarixi mühitinə müdaxilədir.

 

Üstəlik, belə yanaşma zaman keçdikcə təhlükəli bir vərdişə çevrilə bilər. Bu gün bir nəfər daşın üzərinə öz adını yazır, sabah başqa biri başqa qayanı seçir. Nəticədə tarixi məkan fərdi izlərin toplandığı bir yerə çevrilir. Bu isə Şuşanın mahiyyətinə ziddir.

Qraffiti və icazəsiz yazıların yaratdığı problem təkcə Azərbaycana aid deyil. Avropanın bir sıra böyük şəhərləri uzun illərdir bunun nəticələri ilə mübarizə aparır. Məsələn, Parisdə şəhər administrasiyasının məlumatına görə, hər gün küçə xidmətləri təxminən 650 kvadratmetr qraffiti və digər yazını təmizləyir. Şəhər üzrə qraffiti təmizləmə əməliyyatlarına ildə təxminən 6 milyon avro xərclənir.

Berlinin Tempelhof-Şöneberq rayonunda isə 2025-ci ildə yalnız Rudolph-Wilde parkında 187 kvadratmetr qraffiti təmizlənib, əlavə olaraq daş səthlər, zibil qutuları və oturacaqlar bərpa olunub. İşlərin ümumi dəyəri 18 min avrodan çox olub.

Londonda da qraffiti şəhər təsərrüfatı üçün uzun müddətdir ciddi problem hesab olunur.

Brick Lane: Chinese political slogans appear on famous London street |  Nine.com.au

London şəhər administrasiyasının materiallarında qraffiti ilə mübarizənin şəhər sakinlərinə hər il milyonlarla funt-sterlinqə başa gəldiyi qeyd edilir. 2026-cı ildə isə London metrosunda qraffiti ilə mübarizə üçün təmizlik imkanlarının gücləndirilməsinə 11 milyon funt sterlinq sərmayə qoyulduğu və bunun nəticəsində problemin pik dövrlə müqayisədə 90 faizdən çox azaldığı açıqlanıb.

Bu nümunələr bir məqamı göstərir: şəhər mühitinə vurulan kiçik zərər zaman keçdikcə böyük ictimai və maliyyə probleminə çevrilə bilər.

Ancaq Şuşanı Paris, London və ya Berlinlə müqayisə edərkən mühüm bir fərqi nəzərə almaq lazımdır. Şuşa həm tarixi, həm də milli yaddaş baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu şəhər işğal illərinin ağır izlərini daşıyır. Burada dağıdılmış, yandırılmış, izləri silinməyə çalışılmış tarixi irsin bərpası üçün böyük işlər görülür. Ona görə də şəhərin bərpası yalnız binaların yenidən qurulması demək deyil. Şuşanın tarixi görünüşünün qorunması da bu prosesin mühüm hissəsidir.

Güllə izlərinin, dağıntıların və müharibənin ağır nəticələrinin şahidi olmuş bir şəhərdə yeni və təsadüfi izlərin yaradılması xüsusilə yolverilməzdir. Şuşaya gələn turist həmin şəhərə öz izini qoymağa deyil, şəhərin tarixini görməyə gəlməlidir.

Külündən közərən Qarabağ - FOTOLAR

Təsəvvür edək ki, Şuşaya gələn hər turist eyni davranışı təkrarlayır. Bir neçə ildən sonra tarixi qayaların və daşların üzəri yüzlərlə, minlərlə adla dolacaq. Bu zaman həmin yazıların heç biri xatirə olmayacaq. Əksinə, şəhərin öz tarixini görünməz edən vizual çirklənməyə çevriləcək.

“Mənim adım da burada qalsın” düşüncəsi ilə adların qara daşlara yazılması yolverilməzdir!

Belə hallara münasibətdə məsuliyyət məsələsinin açıq şəkildə qoyulması vacibdir. İctimai və ya şəxsi əmlaka, tarixi-mədəni irs nümunələrinə, şəhər infrastrukturuna zərər vurulması adi davranış kimi qəbul edilməməlidir.

Burada söhbət yalnız cərimədən getmir. Əsas məsələ cəmiyyətin davranış mədəniyyətinin formalaşdırılmasıdır. İnsan başa düşməlidir ki, tarixi abidəyə toxunmamaq, onun üzərinə yazı yazmamaq və ümumi görünüşünü qorumaq da vətəndaş məsuliyyətidir.

Eyni zamanda turistlərin maarifləndirilməsi gücləndirilməlidir. Şuşaya giriş və şəhərin turizm marşrutlarında tarixi və təbii obyektlərin üzərinə yazı yazmağın yolverilməz olduğunu göstərən aydın xəbərdarlıqlar, nəzarət mexanizmləri və məlumatlandırıcı lövhələr olmalıdır.

Şuşanın bərpasına böyük dövlət vəsaiti, əmək və zaman sərf olunur. Amma şəhərin qorunması yalnız dövlət qurumlarının işi deyil. Bu şəhərə gələn hər bir insanın da məsuliyyəti var.

Mədəniyyət paytaxtımızda hər daşın üzərində bir tarix, hər küçədə bir xatirə, hər tikilidə milli yaddaşın bir parçası var. Ona görə də həmin daşlara şəxsi adımızı yazmağa ehtiyac yoxdur.

Bu şəhərdə şəhidlərin xatirəsini yaşatmağın ən düzgün yolu onların adlarını daşlara həkk etmək yox, uğrunda can verdikləri torpağı qorumaq, onun tarixini yaşatmaq və gələcək nəsillərə sağlam şəkildə çatdırmaqdır.

Ağarza Elçinoğlu