Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-2121 ("Niva") markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Mətləb İsmayıl oğlu Aslanovun və sərnişin, 1956-cı il təvəllüdlü Şövkət Qasım qızı Aslanovanın meyitləri dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***23:00
Şamaxının Çuxuryurd kəndi ərazisində “Niva” markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1956-cı il təvəllüdlü Şövkət Aslanova hadisə yerində ölüb. Avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

























































