Gəncədə keçirilən yas mərasimində zəhərlənmə şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən "Unikal"a bildirilib ki, hadisə ilə əlaqədar 14 iyul 2026-cı il tarixində saat 17:50 radələrindən etibarən 2-si azyaşlı olmaqla 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Məlumata görə, zərərçəkənlər arasında 1 kişi, 2 qadın, 1 azyaşlı oğlan və 1 azyaşlı qız var.

Zəhərlənmə şübhəsi ilə hospitalizasiya edilən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. Hazırda onların müalicəsi davam etdirilir.

TƏBİB-dən bildirilib ki, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

*** 18:46

Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 4-ü Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsinə yerləşdirilən həmin şəxslər bunlardır:

Tapdıq Həsənli (1999)

Leyla Hüseynova (1951)

Ramil Məmmədov (1982)

Ülviyyə Hacıyeva (1974)

Hadisə zamanı, həmçinin daha iki azyaşlı uşaq da zəhərlənib. Onlar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma başlanılıb.