İranın nüvə proqramı və beynəlxalq sanksiyaların ləğvi ilə bağlı fikir ayrılıqları münaqişənin dayandırılmasına dair yekun sazişin imzalanmasına mane olan əsas problem olaraq qalır.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən CNN məlumat yayıb.

Məlumata görə, Vaşinqton tərəfi danışıqlarda ehtiyatlı nikbinliyini qoruyur və yaxın vaxtlarda tərəflər arasında razılığın əldə olunacağını istisna etmir.

Vasitəçilər üçün müsbət siqnallardan biri bazar ertəsi İran nümayəndə heyətinin Qətərə gəlməsi olub. Nümayəndə heyətinə Tehranın danışıqlar qrupunun yüksəkvəzifəli üzvləri daxil edilib. ABŞ tərəfi isə Dohanın kritik müzakirələrdə vasitəçi rolunu xüsusi vurğulayıb.

Vaşinqtonun əsas tələbi İrandan hüquqi qüvvəyə malik konkret öhdəliklərin alınmasıdır. Ağ Ev Tehrandan yüksək zənginləşdirilmiş uran ehtiyatlarını tam məhv etməyi və nüvə silahının hazırlanmasından rəsmi şəkildə imtina etməyi tələb edir.

ABŞ diplomatlarının sözlərinə görə, Tehran ötən bazar günü bu şərtlərlə prinsipial razılıq ifadə edib. Lakin daha sonra İran tərəfi nüvə proqramı ilə bağlı detallı müzakirələrin hazırkı sazişdən kənarda saxlanılaraq gələcək danışıqlara keçirilməsini təklif edib.

“Bu məsələ hazırkı dialoqun əsas maneələrindən biridir. Danışıqlardakı vəziyyət demək olar ki, hər dəqiqə dəyişir”, — deyə qapalı görüşlərin gedişindən məlumatlı regional mənbə bildirib.

Diplomatik çıxılmaz vəziyyət fonunda İran xaricdəki aktivlərinin dərhal dondurulmadan çıxarılmasını və iqtisadi sanksiyaların ləğvinə zəmanət verilməsini tələb edir. Tehran bunu durğunluq yaşayan milli iqtisadiyyat üçün vacib hesab edir.

ABŞ isə mövqeyini dəyişmir. Vaşinqton İran nüvə məsələsində real addımlar atmayınca hər hansı maliyyə yardımını və ya vəsaitlərin açılmasını istisna edir.

Amerika diplomatik dairələrində hətta qeyri-rəsmi “Uran yoxdursa, pul da yoxdur” (“No dust, no dollars”) şüarı formalaşıb. Bu ifadə Ağ Evin İranın təxminən 450 kiloqramlıq yüksək zənginləşdirilmiş uran ehtiyatını faktiki olaraq məhv etmədən Tehranın vəsaitlərinin blokdan çıxarılması ilə bağlı sənədləri imzalamayacağını göstərir.

Ramil Zeynallı