Fransa silahlı qüvvələrinin gələcək uzaqmənzilli yerüstü zərbə sistemi ilə bağlı xeyli müddətdir gözlədiyi qərarın qəbulu yaxınlaşır. Lakin iki yerli sənaye konsorsiumunun rəqabət aparmasına baxmayaraq, Müdafiə Nazirliyi ABŞ istehsalı olan sistemin alınması variantını hələ də istisna etmir.
"Unikal" xəbər verir ki, Fransa ordusunun “lance-roquettes unitaires” (LRU) sistemlərinin əvəzlənməsi həlledici mərhələyə daxil olub. 2023-cü ildə Silahlanma Baş İdarəsi (DGA) tərəfindən başladılan FLP-T proqramı yay aylarına qədər yeni sistemi seçməyi hədəfləyir. Hazırda istifadə edilən və “Lockheed Martin” modelinə əsaslanan, 70 kilometrə qədər zərbə qabiliyyətinə malik sistemlər 2027-ci ilə qədər istismar müddətinin sonuna çatacaq.
“Safran” və “MBDA” şirkətləri birlikdə “Thundart” sistemləri ilə rəqabətə start verib. Sınaq zamanı sistem uğurlu atış həyata keçirib. Səkkiz raket daşıya bilən bütün ərazilərdə hərəkət edən yük maşını 80 km/saat sürətlə hərəkət edərək zərbə endirib və dərhal mövqedən uzaqlaşıb. Bu taktika Ukrayna müharibəsindən çıxarılan dərslərə əsaslanır, çünki artilleriya sistemləri dron hücumlarına qarşı daha həssasdır. Sistem həm də elektron müdaxilələrə qarşı gücləndirilmiş yönləndirmə texnologiyası ilə təchiz olunub.
Bir həftə fərqlə “Thales” və “ArianeGroup” öz nümayiş sistemlərini təqdim edərək, uzunmənzilli ballistik raket sınağının uğurla keçdiyini açıqlayıb. Sənaye nümayəndəsi Vənsan Perinin sözlərinə görə, sistem 2500 kilometrədək məsafəyə zərbə endirə bilir və istehsal sürətini tez artırmaq imkanı verir. Müdafiə naziri Katerin Votrən bu sınaqları çox maraqlı nəticələr kimi qiymətləndirib.
Lakin seçim yalnız Fransa istehsalı olan modellərlə məhdudlaşmır. DGA, həmçinin hazır “off-the-shelf” xarici sistemlərini də müqayisə edir. Mümkün variantlar arasında Cənubi Koreyanın “K239” sistemi və xüsusilə “Lockheed Martin”in ABŞ istehsalı “HIMARS” sistemi var. Bu sistem artıq Avropada geniş şəkildə istifadə olunur. Katerin Votrən üç əsas meyarı vurğulayıb: səmərəlilik, qiymət və çatdırılma müddəti. Hətta ABŞ tərəfindən rəsmi təklifin təqdim edildiyi bildirilir. Senatda isə nazir qeyd edib ki, DGA LRU-nun əvəzlənməsi üçün iki fransız sənaye qruplaşması ilə işləyir. Lakin Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komissiyasının sədri senator Sedrik Perrən ABŞ seçiminə mümkünlüyə ehtiyatla yanaşır. O, belə bir qərarı “casus belli” (münaqişə səbəbi) kimi qiymətləndirərək xarici asılılıq riski ilə bağlı xəbərdarlıq edib. Yekun qərarın yay aylarına qədər verilməsi gözlənilir.


















































