Argentinada futbol matçında Adolf Hitlerə bənzəyən şəxsin görüntüləri qısa zamanda dünya ictimaiyyətinin diqqətini çəkib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  çox keçmədən videonun həqiqi olmadığı məlum olub. Sosial şəbəkələrdə sürətlə yayılan kadrlarda tribunada əyləşən və Hitlerə bənzədilən kişinin görüntüsü süni intellekt vasitəsilə yaradılmış saxta video kimi qiymətləndirilib.

Məlumata görə, paylaşım "X" sosial şəbəkəsində @MyLordBebo hesabı tərəfindən yayımlanıb. Videonun üzərində “Riv” və “Boc” qısaltmaları yer alıb ki, bunlar Argentinanın məşhur futbol klubları olan "Club Atlético River Plate" və "Club Atlético Boca Juniors" komandalarını ifadə edir.

Lakin görüntülərdə süni intellektə xas bir sıra texniki qüsurlar diqqət çəkib. Belə ki, matç vaxtını göstərən taymerdə vizual səhvlər müşahidə olunub. Bundan əlavə, tribunadakı şəxslərdən birinin əlində cəmi üç barmağın görünməsi videonun montaj və ya AI vasitəsilə yaradıldığını göstərən əsas detallardan biri hesab edilib.

Araşdırma zamanı InVID yoxlama alətindən istifadə olunub və nəticədə videonun 94 faiz ehtimalla süni intellekt tərəfindən hazırlandığı müəyyənləşib. Buna görə də sosial şəbəkələrdə yayılan “Hitlerin oxşarı Argentinada futbol oyununda göründü” iddiasının həqiqəti əks etdirmədiyi bildirilib.

Gülayə Mecid