Sumqayıt Tibb Mərkəzində (STM) TƏBİB və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkilatçılığı ilə “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan terapevt və pediatrların iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov vərəmlə mübarizədə ilkin səhiyyə xidmətinin rolundan, xəstəliyin erkən aşkarlanmasının əhəmiyyətindən danışıb, bu istiqamətdə maarifləndirmə və peşəkar hazırlığın vacibliyini vurğulayıb.

Sonra Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Vərəmlə Mübarizə üzrə Milli Proqramın rəhbəri, tibb üzrə fəlsəfə doktoru İradə Axundova, institutun Konsultativ poliklinika şöbəsinin həkimi, Vərəmlə Mübarizə üzrə Milli Proqramın müalicə üzrə koordinatoru Aynur Aslanova, eləcə də Milli Referens Laboratoriyasının müdiri, Vərəmlə Mübarizə üzrə Milli Proqramın laborator diaqnostika üzrə koordinatoru Məhbubə Seyfəddinova çıxış ediblər.

Çıxışlar zamanı iştirakçılara vərəm haqqında ümumi məlumat, xəstəliyin aşkarlanması və təsnifatı, latent vərəm infeksiyası, laborator diaqnostika, ağciyər vərəminin digər xəstəliklərlə differensial diaqnostikası barədə məlumat verilib.

Bununla yanaşı, uşaqlarda vərəmin xüsusiyyətləri, diaqnostikası və profilaktikası, həmçinin ağciyərdənkənar vərəmin xüsusiyyətləri və diaqnostikası mövzularında təqdimatlar keçirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.