Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb.
"Unikal" xəbər verir ki, Şuşada günün ikinci yarısında Xan qızı Natəvanın sarayının qarşısında Xalq artisti Səkinə İsmayılova və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Musiqi axşamında “Rast” dəstgahı səsləndirilib. Gənc xanəndələr ustadları ilə birgə fərqli bir muğam axşamı təqdim ediblər. Xatırladaq ki, xalq mahnıları və muğamların ustad ifaçısı Səkinə İsmayılova bu il 70 illik yubileyini qeyd edir.
Konsert proqramının sonunda səsləndirilən “Qarabağ” mahnısı tamaşaçılar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb. Beləliklə, Azərbaycan xalqı üçün həm musiqi, həm də fəlsəfə sayılan muğam ifaları ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub.
Festival iştirakçıları təəssüratlarını bölüşüblər. Xalq artisti Səkinə İsmayılova Şuşada keçirilən festivalda iştirakından məmnunluğunu ifadə edib. Bildirib ki, musiqi qrupu ilə birlikdə gözəl Qarabağın incisi olan Şuşada çıxış etmək onun üçün böyük sevincdir. Xalq artisti qeyd edib ki, bu gün həm də yubileyini Şuşada qeyd etməsi onun sevincini daha da artırıb.
Səkinə İsmayılovanın sözlərinə görə, konsert yüksək ovqatda keçib. O, Natəvanın büstü önündə muğam dəstgahı ilə çıxış etməsinin onda qürur hissi yaratdığını deyib və tamaşaçılara təşəkkürünü çatdırıb.
Beynəlxalq Muğam Mərkəzinin solisti Könül Məmmədli isə “Xarıbülbül” festivalında ilk dəfə iştirak etdiyini bildirib. Qeyd edib ki, Şuşada belə gözəl tədbirlərin keçirilməsi sevindiricidir və sənət adamları bu festivallarda böyük həvəslə iştirak edirlər.
Şuşa sakini Vəsilə Kərimli də doğma şəhərdə keçirilən festivalın sakinlər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Şuşaya qayıtdıqları və burada yaşadıqları üçün özlərini xoşbəxt hiss edirlər. Vəsilə Kərimlinin sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada silsilə tədbirlərin keçirilməsi şəhərin əvvəlki mədəni həyatını yenidən canlandırır və sakinlər bu tədbirlərdə məmnunluqla iştirak edirlər.
Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçinin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə də öz töhfəsini verir.





.jpeg)







.jpeg)


















_1583402582.jpg)


















