Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının əsas məqsədlərindən biri mədəni dialoqun inkişafına töhfə vermək və musiqiçilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir. Budəfəki festival da bu nöqteyi nəzərdən istisna olmayıb. Zəngin mədəniyyət hadisəsi olan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları və musiqi kollektivləri ilə yanaşı, digər ölkələrdən də incəsənət nümayəndələri dəvət alıb.

"Unikal" xəbər verir ki, festivalın ikinci gününün Cıdır düzündə keçirilən növbəti musiqi təqdimatında Azərbaycan, Özbəkistan və Türkmənistan Dövlət Rəqs ansambllarının iştirakı ilə konsert proqramı təqdim edilib. Qardaş xalqların milli musiqi və rəqs ənənələrini əks etdirən proqram festivalın beynəlxalq ruhunu və mədəni müxtəlifliyini bir daha nümayiş etdirib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramında iştirak edən kollektivlər öz ölkələrinin milli rəqslərini və geyimlərini təqdim edərək, Cıdır düzünü əsl musiqi və rəqs bayramına çeviriblər. Müxtəlif ölkələrin mədəniyyətlərini səhnədə bir araya gətirən proqram tamaşaçılara unudulmaz anlar yaşadıb.

Festival iştirakçıları və tamaşaçılar təəssüratlarını bölüşüblər.

Özbəkistan Dövlət Rəqs Ansamblının rəhbəri Dilfuzakhon Djorabayeva festivalın açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda onları çox yaxşı qarşılayıblar və çıxışları uğurlu alınıb. Ansambl rəhbərinin sözlərinə görə, Azərbaycan, Özbəkistan və Türkmənistan kollektivlərinin iştirakı ilə keçirilən solo konsert də yaxşı keçib.

Dilfuzakhon Djorabayeva festivalın təşkilatçılarına minnətdarlığını ifadə edərək, Azərbaycana səfərdən çox şad olduqlarını deyib.

Şuşa sakini Aynur Yusufova bir şuşalı kimi “Xarıbülbül” Musiqi Festivalında iştirak etməsinin onda böyük qürur doğurduğunu deyib. Qeyd edib ki, ənənəvi festivalın yenidən hər il Şuşada keçirilməsi qürurverici haldır və bu, şəhərin mədəni həyatının bərpasının göstəricisidir. Aynur Yusufova bu münasibətlə sevinc hisslərini bölüşərək, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Tamaşaçı Aygün İmanova da Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalının onda xoş təəssüratlar yaratdığını bildirib. O qeyd edib ki, festival çərçivəsində təqdim olunan konsert proqramını böyük maraqla izləyiblər. Aygün İmanovanın sözlərinə görə, xüsusilə Azərbaycan, Özbəkistan və Türkmənistan rəqs kollektivlərinin çıxışları yaddaqalan olub. O, belə mədəni tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayaraq, festivalda iştirak etməkdən məmnunluğunu dilə gətirib.