Azərbaycan və Ermənistandan olan ekspertlər Londonda sülh prosesinin inkişafını, imkanlarını və risklərini müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Ermənistan Şurası Analitik Mərkəzinin prezidenti və Sülh Körpüsü Təşəbbüsünün koordinatoru Areg Koçinyan bu barədə öz "Facebook" səhifəsində yazıb: "Onilliklər davam edən münaqişələrdən sonra sülh təkcə siyasi danışıqlar yolu ilə deyil, həm də insanlar arasında etimad yolu ilə qurulur. Bu gün Ermənistan-Azərbaycan sülh prosesində yeni bir fürsət var və cəmiyyətlərin də bu yolda iştirak etməsi vacibdir. Londonda keçirilən görüşdə erməni və Azərbaycan ekspertləri sülh prosesinin hazırkı mərhələsini, onun imkanlarını və risklərini müzakirə ediblər".
Koçinyan əlavə edib ki, davamlı sülh dialoq, etimad və uzunmüddətli əməkdaşlıq yolu ilə formalaşır. “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan və Azərbaycanın müxtəlif şəhərlərində bir neçə dəfə görüş keçiriblər.
Ağarza Elçinoğlu






















































