"Vətən müharibəsində Azərbaycan beynəlxalq qanunlara uyğun olaraq işğalçıya cavab vermək hüququndan istifadə etdi".

"Unikal" xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var: "Vaxtilə Azərbaycan torpaqlarının işğal altında qalmasına, ölkəyə qarşı illərlə hərbi təcavüz olmasına baxmayaraq, işğalçı Ermənistan heç bir təzyiqə məruz qalmırdı. Əksinə, onun fəaliyyətinə dəstək verilirdi. Bu da işğalı davam etdirmək üçün şərait yaradırdı".

Ekspert qeyd edib ki, ATƏT-in Minsk qrupunun da məqsədi münaqişəni həll etmək yox, hansısa elementlərlə Azərbaycan və Ermənistana təsir göstərmək idi: "Prezident İlham Əliyev bu quruma çox dəqiq qiymət verib və onu təhlil edib. Proseslər də göstərdi ki, Minsk qrupu konflikt vasitəsilə bu bölgəni idarə etmək üçün yaradılan qrupdur. Onun Azərbaycanın enerji ehtiyatlarının istismar edilməsi ilə bağlı planları var idi. Azərbaycanın suverenliyinə qarşı yaradılan bu sistem artıq ölkəmizin ərazisindən çıxarılıb".

Ağarza Elçinoğlu