Venesuela ərazisində yerləşən 13,5 kiloqram çəkidə olan zənginləşdirilmiş uran materialı ölkədən çıxarılaraq ABŞ-yə daşınıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt Karakasda yerləşən "RV-1" tədqiqat reaktorunda qalan təxminən 13,5 kiloqram yüksək zənginləşdirilmiş uran beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən əməliyyatla ölkədən çıxarılıb.
Qeyd olunub ki, 20 faizlik zənginləşdirmə həddini aşan bu material, reaktorun tədqiqat fəaliyyətlərinin 1991-ci ildə dayandırılmasından sonra istifadəsiz vəziyyətdə qalıb.
Məlumata görə, uran materialı əvvəlcə Venesuelada limana daşınıb, daha sonra xüsusi nəqliyyat gəmisi ilə ABŞ-yə göndərilib. Materialın təhlükəsiz emalı və təkrar istifadəsi üçün Savannah Çay Sahəsi obyektinə aparıldığı bildirilib.
ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Brandon Vilyams deyib ki, əməliyyat nüvə təhlükəsizliyi baxımından mühüm addımdır və yüksək zənginləşdirilmiş uranın tamamilə çıxarılması beynəlxalq təhlükəsizlik standartlarına uyğun həyata keçirilib.

























































