Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane ilk dəfə 5 mayda Ermənistana səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Qeyd olunub ki, onun səfəri və respublikanın ədliyyə naziri Srbuhi Qalyan və baş prokuror Anna Vardapetyanla görüşü barədə məlumat 2 gün sonra məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Akane və Vardapetyan, xüsusilə də prokurorların beynəlxalq cinayətləri araşdırmaq potensialının artırılması kontekstində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin və institusional tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar cinayət prosesində sübutların toplanması və zərərçəkmişlərin və şahidlərin müdafiəsi məsələlərini müzakirə ediblər.

Ədliyyə Nazirliyi Akanenin üçüncü beynəlxalq "İrəvan Dialoqu" konfransında iştirak etmək üçün gəldiyini açıqlayıb. 

Ermənistanın ədliyyə naziri ilə görüşdə Beynəlxalq Cinayət Məhkəməsinin baş direktoru İrəvanın Roma Statutunun praktik tətbiqini tez və effektiv şəkildə təmin etmək öhdəliyini yüksək qiymətləndirib. Tərəflər Roma Statutuna əsasən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Ağarza Elçinoğlu