FIFA-nın “Neftçi”yə transfer qadağası qoyub.

"Unikal" xəbər verir ki, bununla bağlı xəbəri Ukrayna mediası FİFA-ya istinadən yayıb.

Cəzanın səbəbi açıqlanmayıb. Lakin adətən belə qərarlar ya klubun hazırkı və ya sabiq futbolçuları/məşqçiləri qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.

“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri. Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.

Hələlik “Neftçi” klubu xəbərə dair açıqlama verməyib.

Bəs, qərar "Neftçi"yə necə təsir edəcək?

Bu qərar komandanın transfer siyasətinə ciddi təsir göstərə bilər. “Neftçi” yeni futbolçularla heyətini gücləndirə bilməyəcək ki, bu da çempionatda yüksək yerlər uğrunda mübarizəni və avrokuboklara vəsiqə şansını çətinləşdirəcək. Bununla belə, klub hazırkı futbolçularına və öz yetirmələrinə güvənməli olacaq.

Hazırda ukraynalı Yuri Vernidubun komandası Azərbaycan çempionatının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 30 oyundan sonra “Neftçi”nin aktivində 50 xal var və komanda avrokubok zonasına düşmək uğrunda mübarizəni davam etdirir.

Ukrayna mətbuatı yazır ki, Yuri Vernidub üçün bu vəziyyət onun "Zorya" və "Krivbass" klublarında çalışdığı dövrdə yaşanan bənzər problemlərinin təkrarı olacaq.

FİFA-nın saytında "Neftçi"nin cəzalandırıldığını təsdiqləyən bölmə