Rumıniyanın paytaxtı Buxarestdə yerləşən qəbiristanlıqlardan birində Adolf Hitlerlə tam adaş olan şəxsin məzarı aşkarlanıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin Rumıniyadakı səfirliyi sosial şəbəkə X-də məlumat yayıb.

Diplomatik nümayəndəliyin bildirdiyinə görə, qeyri-adi məzar 1865-ci ildə yaradılmış və Buxarestdə qorunub saxlanılan üç yəhudi nekropolundan ən böyük və ən qədimi hesab edilən “Filantropiya” Aşkenaz yəhudi qəbiristanlığında tapılıb.

Qeyd olunub ki, dəfn edilən şəxs nasist Almaniyasının diktatoru ilə eyni adı daşısa da, onunla heç bir əlaqəsi olmayıb. Səfirlikdən bildirilib ki, sözügedən şəxs Avstriya mənşəli yəhudi olub və şlyapa ustası kimi fəaliyyət göstərib.

Xatırladaq ki, apreldə Almaniyada istifadəçilərə öz qohumlarının 1920–1945-ci illərdə Nasist Partiyasının (NSDAP) fəaliyyətində iştirak edib-etmədiyini yoxlamağa imkan verən onlayn xidmət istifadəyə verilib.

Məlumat bazasında 12 milyondan çox rəqəmsallaşdırılmış sənəd yer alır və bu sənədlər Hitlerin tərəfdarlarının taleyi ilə bağlı məlumatları ehtiva edir. Yeni xidmət vasitəsilə istifadəçilər arxiv qurumlarına rəsmi sorğu göndərmədən qısa müddətdə məlumat əldə edə bilirlər.