Fövqəladə Hallar Nazirliyi Sumqayıtda bayram tonqalında baş verən partlayışdan sonra Novruz tədbirləri ilə bağlı əhaliyə daha bir xəbərdarlıq edib.
“Unikal" xəbər verir ki, məlumatda deyilir:
“Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsində arzuolunmaz hallar qeydə alınmaqdadır.
Belə ki, tonqalların yandırılması zamanı oduncaq kütləsinin həcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina və qurğulara təhlükəli məsafədə yerləşdirilməsi, həmçinin benzin və digər tezalışan, partlayış təhlükəli mayelərdən istifadə olunması kimi kobud pozuntulara yol verilir ki, nəticədə insanların həyat və sağlamlığına, əmlaka və ətraf mühitə ciddi ziyan vuran yanğın-partlayış hadisələrinin baş verməsi qeydə alınır”.
Bildiririlib ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır və bu hallara yol verən şəxslər barəsində müvafiq inzibati tədbirlər görülür.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə növbəti dəfə müraciət edərək Novruzla bağlı mərasimlərdə, o cümlədən bayram tonqallarının yandırılması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
XXX
00:01
Sumqayıt şəhərində bayram tonqalında baş verən partlayış nəticəsində 11 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, hadisə martın 21-də saat 21:10 radələrində şəhərin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində qeydə alınıb.
Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Zərərçəkənlərdən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına yerləşdirilib. Ümumilikdə 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə diaqnozu ilə tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
XXX
23:00
Sumqayıtda bayram tonqalına atılan maddə partlayış yaradıb.
“Unikal” xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
