Dərnəgüldəki obyektdə baş vermiş yanğın söndürülüb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN tərəfindən Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub.

 

***

14:45

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

13:59

Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

***

12:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.