Ağstafada yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qırılı kəndində baş verib.
Kənd sakini Sahil İsmayılova məxsus evdə qəfl yanğın qeydə alınıb. Hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Qısa müddət ərzində yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Məlumata görə, evin mətbəxindən başlayan yanğının ətrafa və evin yuxarı mərtəbəsinə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, İsmayılovlar ailəsində 6 nəfərlik ailənin 5 üzvü bir il ərzində ayrı-ayrı ayların 8-i tarixində bədbəxt hadisə zamanı ölüblər. Ailə 8 tarixini qorxaraq gözlədiyi bir vaxtda 5 yanvarda bu yanğın olub.
Onu da qeyd edək ki, 8 avqust 2024-cü il 2 yaşlı Gülxar İsmayılzadənın ölümü ilə başlayan ailə faciəsi nənə və babanın faciyəvi ölümü, daha sonra evin sonuncü körpəsi Nilay İsmayılzadənin ölümü və sonda, 8 iyul tarixində evin gəlini Şəfayət İsmayılovanın evin ikinci mərtəbəsində pəncərə şüşəsi silərkən nərdivandan yıxılıb ölməsi xəbəri ilə hər kəsi şoka salıb.
Hadisə yerinə polis və rayon prokurorluğunun əməkdaşları da baxış keçirib. Hazırda baş verən yanğının səbəbləri adiyyatı qurumlar tərəfindən araşdırılır.
Tural Əhmədov
