03.01.2026-cı il tarixində saat 17:35 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 qadın, 3 kişi olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. 

Qeyd olunur ki, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozları təyin olunub.

Xəsarət alan şəxslərdən bir nəfər cərrahiyyə şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin ölüm faktı qeydə alınıb.

Digər xəsarət alan şəxslərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1961-ci il təvəllüdlü Səyarə Həsənova və 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva vəfat edib.

***18:01

Astara rayonunda mikroavtobus qəzaya uğrayıb.

"Unikal"ın məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir. 

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev